Sayt haqqında

Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qulaqardına vurur, onlara etinasız münasibət göstərirlər. Bəziləri bu səhvə məlumatsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi halda, digərləri həmin hökmlərə qurduqları Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə diqqətlə yanaşmayan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır.

Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüzillər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan daxilən vicdan əzabı keçirə bilər. Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu «yerinə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz» məntiqi ilə qiymətləndirilir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə «Allah bağışlayar» məntiqi ilə asanlıqla pozulur.

Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadətləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir.

Bu məsələni belə bir nümunə ilə izah edə bilərik. Ola bilsin ki, hər hansı bir insan cəmiyyətin əxlaqi yöndəki təzyiqinin təsiri ilə zina və ya oğurluq kimi Quranda qadağan edilən davranışlardan çəkinir. Lakin həmin insan vicdanı rahat halda başqaları haqqında dedi-qodu edirsə, möminlərə iftira atırsa, edə bilməyəcəyi bir şeyi deyirsə, Allahın ayələrini inkar edən insanlarla dostluq edirsə və ya ehtiyacından artığını ehtiyac içində olanlara vermirsə, Quranda göstərilən vaxtlarda Allahı təsbih (Allahı mədh etmək) edib şükür etmirsə, bu və buna bənzər əmrlərə tabe olub Quranda bildirilən qadağalardan, davranışlardan uzaq olmağa əhəmiyyət vermirsə, həmin insanın Quranda bəhs edilən İslam dininə və əsl mömin xüsusiyyətlərinə tam əməl etdiyini demək mümkün deyil. Həmin insan özünün müsəlman olduğunu nə qədər desə də, o, əslində, cəmiyyətin müxtəlif adət-ənənələrindən toplanan, bir az da islami motivlərin əlavə edildiyi «ənənələr dini»nə tabedir. Bu cür insanların ən böyük səhvləri isə Quranda göstərilən hökmlərdən bir neçəsini yerinə yetirərək özlərini qənaətbəxş hesab etmələridir. Belə insanlar yanlış düşünə biləcəklərini ehtimal etmədikləri üçün, həqiqi müsəlman olduqlarına həddindən artıq əmindirlər. Əlbəttə ki, Rəbbimizin rizasını qazanmaq məqsədilə edilən hər bir ibadətin Allah dərgahında əvəzi vardır. Lakin qulaqardına vurulub, etinasız yanaşılaraq bir kənara atılan Quran hökmlərinə əməl etməməyin də məsuliyyəti var. Əgər namazını qılan, orucunu tutan bir insan bütün bunları səmimiyyətlə yerinə yetirirsə, o, Allahın izni ilə axirətdə bunların mükafatını alacaq. Lakin bilgisizlik və ya cəhalət səbəbindən deyil, Quranın başqa hökmlərinə bilərəkdən əhəmiyyət vermirsə və onları yerinə yetirmirsə, belə halda həmin ibadətlərin də boşa getmək ehtimalı ola bilər. Elə məhz bu səbəbdən  də bütün müsəlmanlara Quran ayələri vasitəsilə həmin təhlükələrlə bağlı xəbərdarlıq edilmiş və onları atalarından qalan adətlərlə formalaşan, cahil şərhlərə əsaslanan bu yanlış düşüncədən uzaq olmaq tövsiyə edilmişdir.

Lakin Quranda «Onlara: «Allahın göndərdiyinə tabe olun!» - deyildiyi zaman onlar: «Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik», - deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə?» («Bəqərə» surəsi, 170) ayəsində də bildirildiyi kimi, bəzi insanlara bu mövzuda xəbərdarlıq edilməsinə və onlara doğru olanların göstərilməsinə baxmayaraq, yenə də inadla bu ənənəvi din anlayışına üz tuturlar. Bu saytda «qulaqardına vurulan Quran hökmləri» mövzusuna toxunmaqdakı məqsədimiz düşdüyü vəziyyəti dərk etməmiş, axirətdəki qarşılığını düşünməmiş, şüurlu və ya şüursuz şəkildə belə təfəkkürə malik olan insanlara Quranın bütün hökmlərini bir daha xatırladaraq, onları həqiqi İslam dinini qüsursuz şəkildə yaşamağa dəvət etməkdir. Çünki ayələrdə insanların Qurandan bütövlükdə məsuliyyət daşıdıqları bildirilir. Özünü gündəlik həyat axınının ağuşuna ataraq Quranın yüzlərlə ayəsini tərk edən, İslamın yalnız namaz qılmaqdan və oruc tutmaqdan ibarət olduğunu hesab edən insan axirətdə «mənim bu ayələrdən xəbərim yoxdur» deyə bilməz. Bu insan bütün həyatı boyu Quranda əmr edilən mövzuları öyrənməməsinə və ya bunları bildiyi halda, onlara etinasız yanaşmasına heç bir səbəb gətirə bilməz. Belə bir insanın vəziyyəti ayədə «Yoxsa, siz kitabın bir hissəsinə inanıb digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən xəbərsiz deyildir» («Bəqərə» surəsi, 85) ifadəsində xitab edilən insanların halından bir o qədər də fərqli olmaya bilər.

Elə bu səbəbdən də saytda bütün cəmiyyətdə tez-tez qulaqardına vurulan Quran hökmlərindən bir neçəsini nəzərdən keçirəcək və beləliklə, iman gətirən insanları Qurana onun bütün ayələri ilə birlikdə əməl etməyə və ayələrdə bəhs edilən bu çətin əzabdan uzaq olmağa dəvət edəcəyik.

Geri